“İpək Qüvvə”: Türklər dünyaya nə verə bilər |Lonqrid
// Türk sivilizasiyası ilə bağlı sualları düzgün cavablandırmağın vaxtıdır
S
on
vaxtlar XXI əsrin “türk əsri” olacağı haqda fikirlər tez-tez səslənir. Bu zaman
ilk növbədə “türk əsri” deyilərkən nəyin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır.
Populizmi kənara qoyub, praqmatik müstəvidə yanaşsaq, XXI əsrin ilk yarısında
türk coğrafiyasında planlaşdırılan proseslər bu məkanda inteqrasiyanın dərinləşməsini
və iqtisadi-sosial, elmi-texniki tərəqqinin yüksəlməsini nəzərdə tutur. Əgər planlar
uğurla həyata keçirilsə, XXI əsrin ikinci yarısında Türk Birliyi dünyanın nüfuzli
qüvvələrindən, hətta güc mərkəzlərindən biri olacaq.
Nələrin nəzərdə tutuluduğu “Türk Dünyası 2040 Vizionu” adlı sənəddə ətraflı təsvir
edilib. Türk Şurasının 12 noyabr, 2021-c ildə İstanbulda keçirilən 8-ci Sammitində
iki tarixi qərar qəbul edilmişdi: Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsi
və “2040 Vizionu” adlanan fəaliyyət planı. 17 səhifəlik bu sənəd Türk Dünyasının
gələcək inkişafının yol xəritəsi sayıla bilər.
Türk dünyası: 20 il sonra…
Sənəddə açıq şəkildə vurğulanır ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin
“Şərq-Qərb və Şimal-Cənub ticarət dəhlizlərini bir-birinə bağlayan, qlobal
iqtisadi sabitliyə töhfə verən güclü iqtisadi birliyə çevrilməsi” nəzərdə
tutulub. Bununla yanaşı:
• Bölgələrarası rəqəmsal əlaqələrin qurulması, Təşkilata üzv ölkələrdə Dördüncü
Sənaye İnqilabının dəstəklənməsi, “Big Data”nın tətbiqilə qlobal məlumat bünövrəsinə
dayanan iqtisadiyyatların daha sıx inteqrasiyası;
• Rəqəmsal, “yaşıl” və “ağıllı” iqtisadiyyatlar, “ağıllı” şəhərlər qurmaq
yönündə müxtəlif sahələrdə digital texnologiyaların və Süni İntellektin tətbiqi;
• Ölkələrin kosmik texnologiyaları dinc məqsədlə inkişaf etdirmək istiqamətində
səyləri birləşdirmələri;
2021-ci ilin İstanbul sammiti Türk dünyasının inkişafında yeni mərhələnin başlanğıcını qoydu
•
Üzv dövlətlərin enerji əməkdaşlığının tədarükçü-istehlakçı münasibətlərindən təmiz/yaşıl
enerjini vurğulamaqla enerji təhlükəsizliyi və effektivliyini dəstəkləyən
qabacıl texnoloji əsaslı enerji münasibətlərinə
keçirilməsi;
• İpək yolu boyunca ortaq turizm potensialının, infrastrukturunun yaradılması və
inkişafı;
• Türk Dövlətləri Təşkilatının əhatə etdiyi bölgənin elmi araşdırmalar, təhsil
və innovasiyalar mərkəzinə çevrilməsi, bu istiqamətdə layihələrin dəstəklənməsi
üçün maliyyə mexanizmlərinin qurulması;
…və xeyli digər əhəmiyyətli addımların atılması nəzərdə tutulur.
Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi
işçisi, tarix üzrə fəlsəfə dokotoru Ravşan Nazorov AzVision.az üçün yazdığı məqalədə xatırladır ki, 2002-ci ilin noyabrında TDT-nin Səmərqənd Sammiti zamanı “Türk
Dünyasına Baxış-2040” Konsepsiyasının həyata keçirilməsinin tərkib hissəsi olan
“2023-2027-ci illər üçün İnkişaf Strategiyası” da qəbul edilib. Yəni praktik
addımların atılmasına başlanılıb.
TDT-nin Səmərqənd sammitində 2040-cı ilə doğru ilk addım atıldı
2040-cı
ilə Baxış Sənədi kifayət qədər geniş istiqamətləri əhatə edən inkişaf konsepsiyasıdır. Amma sadəcə bizim sadaladıqlarımızdan da
aydındır ki, bunların həyata keçiriləcəyi təqdirdə türk dövlətlərinin yerləşdiyi
məkan həqiqətən də dünyanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Amma bu
zaman bəzi suallar da ortaya çıxır.
Köhnə meydan, təzə oyunçu
Keçən əsrin ortalarında formalaşan hazırkı dünya nizamında ənənəvi güc mərkəzləri
var və təbii ki, onlar rəqib kimi gördükləri yeni qüvvəni gül-çiçəklə
qarşılamağı düşünmürlər. Türk ölkələrinin planetdəki rolunun artması bir çox
dövlətləri və geosiyasi mərkəzləri qıcıqlandıracaq. Bu zaman gərginliklərin
yaranması da mümkündür. “Türk Dünyasının 2040 Vizionu”nda nəzərdə tutulan məsələlərin
reallaşdırılması il bağlı narahatlıqlardan biri məhz bu məqamla – geosiyasi rəqabətlə
bağlıdır.
Türk dövlətlərinin böyük ərazi və əhali potensialı var. Təkcə Qazaxıstanın ərazisi
Qərbi Avropadan böyükdür. Qars Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq
Əlaqələr kafedrasının müdiri Elnur Həsən MikayılAzVision üçün yazdığı köşə yazısında qeyd edir ki, əgər bu gün Türk Dövlətləri Təşkilatı bir ölkə olsaydı,
o zaman 3,8 trilyon dollarlıq iqtisadiyyatla dünyanın yeddinci böyük gücü sayılacaqdı.
Ona görə də Türk dövlətlərinin təşkilatlanması bəzi gücləri narahat edir. Çünki
bu halda türk ölkələrinin təklikdə reallaşdıra bilmədikləri potensiallarının tətbiqi üçün
böyük imkanlar yaranır.
2040-cı ildən sonra regionda balans yaradan yeni qüvvə formalaşacaq
Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Yerkin Baydarov da bu fikri bölüşür ki, TDT-ni qarşıda türk birliyi əleyhdarlarının təşkil edəcəyi müxtəlif geosiyasi "tələ"lər gözləyir. Türk Dövlətləri buna hazır və onları öz "oyun qaydalarını" tətbiq etmək yolunda maneə kimi görənlərə qarşı çox diqqətli olmalıdırlar. Bu istiqamətdə ortaya çıxa biləcək potensial problemlərdən yayınmaq üçün Türk ölkələrinin media müstəvisində dünyaya daha çox açılması və özlərini, keçmişlərini, mahiyyətlərini daha çox təbliğ etmələri lazımdır. Siyasi-iqtisadi inkişaf prosesi türklərin qlobal media müstəvisində də iştirakının artması ilə paralel getməlidir. Zira türklərin böyük bir üstünlüyü var: Tarix onların tərəfindədir. Türklər öz dillərini, mədəniyyətlərini, tarixini, etnoqrafiyasını geniş təbliğ etməlidirlər. Bu sahədə Frankofoniya, Portuqaldilli Ölkələr Birliyi, Latın İttifaqı, Ərəb Dövlətləri Liqası, İspanidad Birliyi kimi beynəlxalq təşkilatların təcrübəsinə də əsaslanmaq olar. Özbəkistanlı tarixçi Ravşan Nazarovun türklərin vahid tarixi və ensiklopediyasının yazılması təklifi də maraqlı görünür. Türk dünyasının tarixdəki roluna həsr olunmuş əvvəlki lonqridin"Tarixin arxa bağçasındakı çiçəklər" adlandırılması təsadüfi deyildi. Bu romantik ad acı bir həqiqətə - dünya alimlərinin günü bu gün də türklərin tarixdəki rolunu düzgün qiymətləndirmədiklərinə işarə idi. Halbuki, Türk sivilizasiyası yüksəlişdə olduğu dövrlərdə bəşəriyyətə böyük töhfələr verib və indi onu yenə də təkrarlaya bilər. Bunun üçün türkləri daha yaxşı və obyektiv tanımaq lazımdır. Ona görə də əvvəlki lonqriddə biz məsələyə restrospektv yanaşmışdıq. Bu dəfə isə perspektivə baxmağın vaxtıdır. Balans yaradan qüvvə Qafqaz ilə Orta Asiya Çin, Hindistan, İran və Rusiya kimi böyük regional dövlətlərin arasında yerləşir. İngilislərin də bu bölgədə tarixən maraqları olub, hazırda da var. Belə bir mürəkkəb bölgədə sabitliyin olması üçün mütləq balans yaradan qüvvəyə ehtiyac duyulur. İstanbul universitetinin prorektoru, professor İlyas Topsakalınsözlərinə görə, həmin qüvvə məhz türklər ola bilərlər: - Avropa Birliyi də bu coğrafiyada önəmli oyunçudur, çünki ən azından istehlakçı tərəfdir. Çin, Hindistan kimi ölkələr isə istehsalçıdırlar. İstehsalçının da, istehlakçının da maraqlarının üst-üstə düşdüyü nöqtə sabitlikdir. Rusiya və Çin də daxil olmaqla heç kim bölgədə qarşıdurma və savaş istəməz. Bunu istəyən başqa güclər ola bilər. Belədə türk dünyası üçün tarixi fürsət yaranır. Şərqdən Qərbə uzanan nəqliyyat dəhlizi boyunca iqtisadi və mədəni birlik yaradaraq, sabitliyi təmin edərək ticarətin, mədəniyyətin, iqtisadi-sosial yüksəlişin olduğu bir məkan formalaşdırmaq mümkündür.
İlyas Topsakal:
Professorun
fikrincə, hazırda bu istiqamətdə tarixi şərait artıq yaranıb. Onun reallaşa
bilməsi üçün türk dövlətlərinin arasında inteqrasiya dərinləşməlidir. “Ağılla yanaşanlar
görəcəklər ki, bu layihə istər bölgə, istərsə də dünya üçün qurtuluş deməkdir.
Qərb də, Amerika da çox uzaqdadırlar. Amma bölgənin insanları ticarət və mədəniyyət
sahəsində anlaşa bilsələr, qazanacaqlar”,- o vurğulayıb.
Klassik geosiyasətdə belə hesab olunur ki, Avrasiyanın mərkəzinə nəzarət edən güc
bütün materikdə aparıcı rol oynayacaq. Burada belə bir tarxi paradoks meydana
çıxır: Həmin ərazidə - yəni Avrasiyanın mərkəzində,- türklər yaşasalar da, yeni
tarix başlayandan bəri heç vaxt söz sahibi olmayıblar. Bura Rusiya, Çin və Avropa
arasında mübarizə meydanı olub. İndi isə nəzəriyyəni yoxlamaq üçün yaxşı tarixi
şərait yaranır.
Azərbaycan parlamentinin deputatı, “Türk dünyası” adlı 5
cildlik əsərin müəllifi Cavanşir Feyziyevin sözlərinə görə,müstəqil türk dövlətlərinin
ərazisində təsdiq olunmuş resursların ümumi həcmi 27 Avropa ölkəsinin ərazisindəki
resurslardan dəyər baxımından 2 dəfə çoxdur. Amma əhalinin müqayisəsinə gəldikdə,
türk dövlətlərinin ərazisində yaşayan əhalinin sayı Avropa İttifaqında
yaşayanlardan 2 dəfə azdır. "Nəticədə, türk məkanında adambaşına düşən təbii
resursların həcmi hər bir avropalının payına düşən resursların həcmindən 4 dəfə
çox alınır. Amma bunlar xammal şəklindədir. İndi onları dəyərə çevirmək üçün
elm və texnologiyaya ehtiyac var",- deputat bildirib.
Cavanşir Feyziyev: "Türklər ya müstəqil gücə çevrilməli, ya da hansısa güc mərkəzinin təsiri altında əriyib getməlidirlər"
Digər
tərəfdən, Avropa Birliyinin yaranmasında rast gəlinən problemlər bizdə yoxdur. Türk
Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrin xalqlarını ortaq keçmiş,
vahid dil və mədəniyyət birləşdirir. Türk ölkələrinin və xalqlarının etnik-mədəni
birliyi boş söz deyil. Bunu türk oykumeni vətəndaşlarının çoxu kimi, türk dövlətlərinin
rəhbərləri də yaxşı bilirlər. Bu isə inteqrasiyanı xeyli asanlaşdırır.
Amma əlbəttə ki, türk dövlətləri və xalqları bir-biri ilə çoxtərəfli əməkdaşlığı
təkcə tarixi-mədəni parametrlər baxımından yaxın olduqlarına görə deyil, həm də
səmərəli və faydalı olduğuna görə davam etdirməlidirlər.
Cavanşir Feyziyevin fikrincə,Türk Dövlətləri Təşkilatı aralıq mərhələdir. Son
məqsəd türk dövlətlərinin siyasi-iqtisadi, hərbi birliyinin meydana gəlməsidir.
Yalnız bu halda onlar dünya miqyasında güc mərkəzinə çevrilə bilərlər. Əks
halda isə hansısa güc mərkəzinin təsirinə düşərək, əriyib getməyə məcbur olacaqlar.
Sülh “dəhlizi” Tarixi İpək Yolu kimi, Yeni İpək Yolu da əsasən türk dövlətlərinin
ərzisindən keçir. Bu layihəyə 900 milyard dollar investisiyanın qoyulması nəzərə
tutulub. Söhbət təkcə ticarət dəhlizindən getmir. Yeni İpək Yolu dünyanın 68
ölkəsinin iqtisasi-sosial vəziyyətinə təsir göstərəcək. Həmin ölkələrdə
planetin əhalisinin 60 faizi yaşayşır və dünya iqtisadiyyatının 30 faizindən
çoxu formalaşır. Bu layihənin 2040-cı ilə qədər 19 trilyon dollar gəlir gətirəcəyi,
böyük bir bölgədə mədəniyyətin, tibbin və digər sahələrin inkişafına təkan verəcəyi
gözlənilir. Bütün tarixi dövrlərdə İpək Yolu üçün körpü rolunu
oynamaları türklərin xarakterinin formalaşmasına böyük təsir göstərib. Türk fobiyasından əziyyət çəkənlərə açıq izah etməyə
ehtiyac var ki, Türk ölkələri və xalqlarının sülhpərvər olduqlarını təkcə tarix yox, coğrafiya da təsdiqləyir. Çünki bu ölkələr Asiya ilə Avropa arasında mühüm körpü rolunu
oynayırlar. Belə bir rola sahib olan dövlətlər və onların İttifaqı heç vaxt
müharibə istəyə bilməz. Çox sadə səbəbdən: Körpünün işləyə bilməsi üçün sabitlik
olmalıdır.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikasının Tarixi
şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahovtəsdiqləyir ki,türk ulusları heç vaxt yaşadıqları və yayıldıqları ərazilərdə heç bir ölkənin
elmi, iqtisadi, mədəni və ya digər potensialına ziyan vurmayıblar. Bunu biz
Osmanlı dövlətinin tarixində çox yaxşı görürük. İndiyədək mövcud olmuş türk dövlətlərinin
arasında başqalarına təhdid yaradanı olmayıb. “Atillanın Macarıstana və ya
bulqar türklərinin Bolqarıstana qədər gedib çıxmaları həmin xalqların həyat tərzinə
mənfi təsir göstərmişdimi? Xeyr! Nəinki onları assimlyasiyaya uğratmadılar, hətta əksinə, lazım olanda özləri onların dilini qəbul
etdilər”,- professor vurğulayır.
Mais Əmrahov: "Türk sivilizasiyası bəşəriyyətin inkişafına müstəsna töhfələr verəcək"
Türk
sivilizasiyasının güclənməsində İslam dünyası xüsusilə maraqlı olmalıdır. Çünki
tarixi təcrübə var: Türklərin güclənməsi hər zaman İslam dünyasnın güclənməsi
deməkdir. Türklər bu sivilizasiyan ayrılmaz tərkib hissələridirlər. Biz əvvəlki
lonqriddə göstərmişdik ki, Avropda “İslam elmi” kimi qəbul olunan bilikləri çox
vaxt məhz türk alimləri yaradıblar. İslamı qlobal dinə çevirən də məhz türklər
olublar, ərəblər yox. Amma bu, bütövlükdə İslam aləminə xidmət edib. Bu dəfə də
eyni ssenarinin təkrarlanması labüddür. O sadə səbəbə görə ki, türk insanı eyni
zamanda iki sivilizasiyanın daşıyıcısı və xidmətçisidir.
Sivilizasiyaların "fəlsəfəsi"
Türklər döyüşkən xalq olsalar da, türk sivilizasiyası militarist və aqressiv
sivilizasiya deyil. Avropada elm və texnika müharibələrin təsirilə inkişaf
edib. Qərbdə elmin inkişafını hərb sahəsindən ayrı təsəvvür etmək mümkün deyil.
Simvolik misallardan biri: Çarlz
Darvin Təkamül Təlimini yaratması ilə nəticələnən ekspertizaya Krallığın “Biql”
adlanan hərbi gəmisində getmişdi. Antibiotikdən tutmuş psixoanalizə, raket
texnologiyasından tutmuş pestisidlərə qədər əksər vacib elmi kəşflər məhz müharibələrin
hesabına mümkün olub.
Qərbdən fərqli olaraq, Şərqdə elm heç vaxt militarist xarakterli olmayıb
Günü
bu gün də ABŞ-ın Müdafiə Nazirliyi ölkədə fundamental elm sahəsində
araşdırmaları maliyyələşdirən üçüncü ən böyük sponsordur. Yəni heç nə dəyişməyib:
Qərbdə elmi-texnoloji inkişaf yenə də militarist relsləri üzərində gedir. Texnoloji
kəşflər DARPA-nın labarotoriyalarından Orduya keçəndən ən yaxşı halda 10 il
sonra mülki texnologiyalarda tətbiq edilir. Bu mövzu ilə maraqlananlar
amerikalı tarixçi və sosioloq Syuzan Lindinin“Şüur müharibə dumanında” (Susan
Lindy, “The Mind in the Fog of War. Science and Technology on the Fields of
Battle”) kitabını oxuya bilərlər. Nil Deqrass Taysonun “Müharibənin xidmətində:
Astrofizika ilə Ordunun gizli ittifaqı” (“Accessory to War: The Unspoken
Alliance Between Astrophysics and the Military”) kitabı da müasir dövrdə Qərbdə
elmin hansı relslərlə inkişaf etdiyini göstərir.
Qərb sivilizasiyalarından fərqli olaraq, Şərqdə elmə və tərəqqiyə heç vaxt bu şəkildə,
yəni müharibənin aksessuarı kimi yanaşılmayıb. Barıt əsrlər qabaq Çində kəşf
olunsa da, yalınız Avropaya çatandan sonra silaha çevrildi. İslam dünyasının
niyə inkişafda Qərbdə uduzmasına dair müxtəlif nəzəriyyələr var, amma səbəblərdən
biri də məhz bu ola bilər: Elm həmişə
müharibədən ayrı, “təmiz” elm xatirinə inkişaf etdirilib. Böyük keçmişi olan
bu ənənəni gələcəyə daşımaq vacibdir. Bunu edənlərdən biri də türklər olacaq.
Epiloq
Ticarət əsrlər boyunca xalqları varlandıran əsas fəaliyyət kimi tərəqqinin mühərriki olub. Böyük coğrafi kəşflər dövrünə qədər türklər qlobal ticarətin bir növ qeyri-rəsmi təminatçısı idilər. Amma bu zaman sadəcə Şərq ilə Qərb arasında körpü olmaqdan daha böyük rol oynayıblar. Orta əsrlərdə dəniz yollarının kəşfi ilə vəziyyət dəyişib. Amma indi tarixin təkəri yeni dövrə vurur: İpək Yolu təzədən aktuallaşır, türklərin dünya səhnəsindəki rolu isə yenidən gündəmə gəlir. Bunlar bir-birilə tam əlaqəli olmasalar da, eyni tarixi prosesin tərkib hissələridirlər. Bütün əlamətlər onu göstərir ki, yeni başlayan tarixi mərhələdə türk dövlətləri təzədən qlobal səhnədə ciddi rol oynayacaqlar. Tarixi analizə əsaslansaq, bu, dünyaya yeni imkanlar vəd edir. Qalanını isə əlbəttə, zaman təsdiqləyəcək.
20 Fevral 2023
Oxunub: 14162
Oxunma vaxtı: 23 dəq.